AzVision.az-ın Analitik Qrupu

Fırtınada sakit körfəz | Lonqrid

// Dünyadakı qlobal iqtisadi mübarizə Xəzər bölgəsi üçün həm yeni risklər, həm də yeni imkanlar yaradır

M

üharibə təkcə hərbi əməliyyatlardan ibarət olmur; Rusiyaya tətbiq edilən nəhəng sanksiyalar paketi göstərir ki, əsl mübarizə iqtisadiyyat müstəvisində gedir. Real döyüş əməliyyatları güman ki, lokal miqyası aşmayacaqlar, amma iqtisadi müharibə artıq qlobal xarakter alıb. Bu isə bir sıra suallar doğurur: Belə ağır qütbləşmə qlobal iqtisadi sistemin böhranı ilə nəticələnə bilərmi?! Sanksiyalar Rusiyanın ətraf regionlarında yerləşən və onunla geniş iqtisadi əlaqələrə malik olan dövlətlərə necə təsir göstərəcəklər?!

Qazaxıstanın Özbəkistanın və Qırğızıstanın xarici ticarət tərəfdaşlarının arasında Rusiya 1-ci, Azərbaycan və Türkiyə üçün 3-cü, İran üçün 4-cü, Türkmənistan üçün 5-ci yeri tutur. Belə bir vacib tərəfdaşın praktik olaraq dünyanın maliyyə və iqtisadi mexanizmlərindən təcrid edilməsi həmin ölkələr üçün eyni zamanda həm yeni risklər, həm də yeni imkanlar yaradır. Bunu həmin ölkələrdən olan ekspertlər də təsdiqləyirlər.

Rusiyanın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, Xəzər regionu üzrə mütəxəssis Stanislav Pritçin AzVision.az ilə söhbətində bildirib ki, biz indi həqiqətən də bir çox məsələlərdə qeyri-müəyyənlik mərhələsindəyik. Dünya ÜDM-nin təxminən 1,5%-ni yaradan Rusiya Qərb ölkələri ilə normal iqtisadi əlaqələrdən, əməliyyat imkanlarından məhrum edilib, maliyyə kanalları dondurulub, Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiqi təmasları ciddi şəkildə çətinləşdirir. 
Bu il ölkədə ÜDM-in 7-20 faiz arasında azalması ehtimalı var. Əvvəlki sanksiyaların təcrübəsinə baxsaq, bu vəziyyət uzunmüddətli ola bilər.

Stanislav Pritçin: “Biz böyük oyuna şahidlik edirik”

Yaramış boşluğu doldurmaq üçün təbii ki, Rusiya ilk növbədə cənub qonşuları ilə münasibətləri daha da gücləndirməyə çalışacaq. Bu zaman logistika baxımından kifayət qədər müstəqil dövlət olan Azərbaycanın rolu xüsusilə qabarır. Çünki məsələn, Qazaxıstan tranzit sahəsində Rusiyadan daha çox asılıdır və logistika zəncirlərinin pozulması onun özünün ticarət əməliyyatlarına mənfi təsir göstərəcək. İran haqqında danışmaq hələ ki çətindir, hər şey nüvə sazişi üzrə danışıqlardakı vəziyyətdən asılı olacaq. İndiyədək İrana qarşı tətbiq edilən sanksiyalar paketi bu ölkə ilə ticarətdən inkişaf fürsəti kimi tam istifadə etməyə imkan vermir. Nisbətən qapalı ölkə olan Türkmənistan da bu kontekstdə çox cazibəli görünmür.

Müqəddəs yer boş qalmır

Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov 
AzVision.az-ın"Videocast" layihəsinə müsahibəsində bildirib ki, yaranan vəziyyətdə Xəzəryanı ölkələrlə əlaqələrin gücləndirilməsi Rusiya üçün prioritet olacaq. Rusiya cənub qonşuları ilə əməkdaşlığı artırmağa və xarici ticarətdə daha çox rubldan istifadə etməyə çalışacaq. Söhbət təkcə MDB ölkələrindən yox, həm də İrandan gedir. Sözsüz ki, bu zaman rublun konvertasiya imkanlarından çox şey asılı olacaq.

Vüqar Bayramov: “Xəzəryanı ölkələrlə əlaqələrin gücləndirilməsi Rusiya üçün prioritet olacaq”

Amma bunun üçün vacib bir məsələyə aydınlıq gəlməlidir: Sanksiyalara qoşulmayan ölkələrə qarşı Qərbin münasibəti necə olacaq? Rusiya ilə aktiv tərəfdaşlıq edən dövlətlər hansısa cəza ilə üzləşməyəcəklər ki?

Bu haqda indidən proqnoz vermək çətindir. Türkiyəli ekspert Turqay Türkerin fikrincə bu ehtimal olsa da, çox aşağıdır. Güman ki, Qərb əksinə, region dövlətlərinin Rusiya ilə iqtisadi əlaqələrinin qalmasında maraqlı olacaq. Çünki bu halda əvvəla, reeksport və reimport – dolayı ixrac və idxal imkanları saxlanılmış olur. Necə ki, məsələn, vaxtilə İraqa böyük sanksiyalar tətbiq ediləndə bir çox şirkətlər həmin ölkə ilə İordaniya üzərindən əməliyyatlar aparırdılar.


Turqay Türker: “Bu müharibə yeni qaydalar gətirəcək”

İkinci səbəbə gəlincə, Rusiyadan qaz və neft idxalını məhdudlaşdırmağa çalışan Qərb onu digər mənbələrdən kompensasiya etməlidir. Bu zaman Xəzərətrafı dövlətlərin əhəmiyyəti kəskin artır. Belə alınır ki, sanksiyalar şəraitində bu region həm Rusiya, həm də Qərb üçün xüsusi əhəmiyyət daşımağa başlayır.

Fransanın Avrasiya Araşdırmalar Mərkəzinin eksperti Maksim Qauinin fikrincə, qarşıdakı dövrdə Azərbaycan qazına çox ehtiyac olacaq. Qərb dövlətləri bunu ancaq dəyərləndirə bilərlər. Xəzər bölgəsi Rusiya neftinin və qazının Avropaya çatdırılmasının blokadası şəraitində alternativ mərkəzə və resurs bazasına çevrilə bilər.

Yeni yollar açılır

2022-ci il martın 9-da Bakıda Qazaxıstanın nümayəndə heyəti Azərbaycan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərilə görüşü keçirilib. Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması olub. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuhamet Yertısbayev AzVision.az -a müsahibəsində bunu “tarixi hadisə” saydığını deyir:

- Bu layihəni başqa sözlə Cənubi Qafqaz Nəqliyyat Dəhlizi də adlandırırdılar. 
2013-cü ilin aprel ayında Qazaxıstan Respublikasının Gürcüstandakı səfiri rütbəsi ilə bu ölkəyə yollandım. Beş il bu ölkədə səfir olmuşam və səfir kimi fəaliyyətimin əsasını Cənubi Qafqaz Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi olub. Martın 9-da Bakıda müəyyən edildi ki, yeni Qazaxıstan-Azərbaycan birgə müəssisəsi, nəhayət, tariflərin müəyyən edilməsi, yüklərin bəyan olunması və s. məsələləri həll edəcək. Son beş ildə hökumətimizin baş naziri, Qazaxıstan Dəmir Yollarının rəhbərləri Gürcüstana gələrək, gürcülərlə çoxsaylı görüşlər keçiriblər və bəzən bu görüşlərdə azərbaycanlılar da iştirak edib. Hər zaman vahid tarifin, vahid siyasətin zəruriliyindən danışır, bu gündəliyi təbliğ edirdik, çünki biz yüklərin daşınmasını intensivləşdirmək istəyirdik. Sözdən əmələ keçmək üçün Ukraynada müharibənin başlaması lazım imiş….

Yermuhamet Yertısbayev: “Heç kim proseslərdən kənarda qala bilməyəcək”

Bu o deməkdir ki, artıq region ölkələri vəziyyəti qiymətləndirməyə və yeni reallığa uyğunlaşmaq üçün addımlar atmağa başlayıblar. Söhbət logistika sxemlərinin təcili şəkildə yenidən qurulmasından gedir.

Qazaxıstanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru, analitik Aydar Amrabayev bildirir ki, indiki vəziyyətdə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi Qazaxıstan və Azərbaycan üçün həm xarici maraqlar balansının qorunması, həm də ticarətin optimallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir: “Avropa İttifaqı ilə geniş tərəfdaşlığa malik olan və Qərb kapitalına geniş şərait yaradan Qazaxıstan üçün bu nəqliyyat marşrutu son dərəcə əhəmiyyətlidir. Üstəlik, yaxın tərəfdaşlarımız olan Cənubi Qafqaz ölkələri də buna bağlıdırlar. Türk Dövlətləri Birliyi çərçivəsində Azərbaycan və Türkiyə ilə müttəfiqliyin də mühüm bir tərəfi var. Bu layihə əslində bizim birgə iqtisadi potensialımızı artırmağa, bu vektoru Avrasiyada çox zəngin və davamlı hala gətirməyə qadirdir”.

Ekspert çinlilərin məşhur misalını xatırladaraq deyir ki, böhran təkcə problem deyil, həm də inkişaf üçün fürsətdir. Ona görə də, ölkələrimiz bu böhrandan, nə qədər ədəbsiz səslənsə də, öz xeyirlərinə istifadə etməlidirlər. Xüsusilə, iqtisadi aktivliyi və regionun beynəlxalq biznes üçün cəlbedici imicini qoruyub saxlamaq üçün səylər göstərilməlidir. Bu təkcə ölkələrimizin deyil, bütövlükdə regionumuzun maraqlarına xidmət edir. Biz beynəlxalq əmək bölgüsündən məhrum ola bilmərik. Bizə balanslaşdırılmış və praqmatik siyasət lazımdır. Bu zaman müxtəlif xarici qüvvələrin ciddi geosiyasi təzyiqlərilə üzləşmək də istisna deyil, amma çıxış yolları var.

Dünya köhnə dünyadır…


Amma bütün bunlar həm də bir əsas sualın cavabından asılıdır: Rusiyanın hərtərəfli təcridi Dünyada qlobal iqtisadi nizamı dəyişəcəkmi? Axı proqnoz və ehtimalların hamısı hazırda mövcud olan iqtisadi nizamın çərçivəsində irəli sürülür. Nizamın özü dağılacaqsa, onda tamam başqa reallıqdan danışmaq lazım gələcək.

Türkiyənin keçmiş naziri, iqtisadçı ekspert Bülənt Akarcalı belə bir halın baş verəcəyinə inanmır: “Amerika İkinci Dünya Müharibəsindən sonra qurduğu sistemi dəyişməyə qoymaz. Hazırkı iqtisadi sistem BVF ilə Dünya Bankının üzərində bərqərardır. Bu sistem çöksə, ABŞ dünyadakı hakimiyyətini itirər. Çünki bu institutlar BMT-nin ixtisaslaşmış qurumları ilə birlikdə Amerikanın dünyaya hakim olmasını təmin edirlər”.


Bülənt Akarcalı: “Hər kəs sanksiyaların hansısa təsirini hiss edəcək”

Bizimlə həmsöhbət olan ekspertlərin demək olar, hamısı eyni fikri bölüşdülər ki, Qərb geniş mənada dünyanın iqtisadi sisteminin dağılmasında maraqlı deyil. Çünki bu halda Rusiya, Çin, Uzaq Şərq ölkələri birlikdə alternativ sistemlərini qurmağa çalışa bilərlər. Dünyada yeni iqtisadi düzən artıq formalaşıb və heç kim onun dəyişməsində maraqlı deyil. Söhbət mövcud sistemin daxilində iqtisadi qüvvələr balansının və logistik sxemlərin dəyişməsindən gedir.

 - Məsələn, İran və Azərbaycandan, Xəzər dənizini ətrafından keçən cənub dəhlizinin rolu yüksələcək. Tranzit bu və ya digər formada artacaq. Düşünürəm ki, şərqə - Çinə və əks istiqamətə ticarət Qazaxıstan və Qafqaz vasitəsilə aktivləşdiriləcək. Ona görə də regionda yük axını fəallaşacaq. Əslində yeni imkanlar daha çox yaranacaq, çünki Rusiya idxalı daha çox əvəz etməyə çalışacaq,- deyə Qazaxıstan Respublikası Milli Bankının sədrinin keçmiş müşaviri Aydarxan Kusainov AzVision.az-a bildirib.

Proqnozlar

Ümumilikdə ekspertlərin baxışlarına əsasən, yaxın vaxtlarda regionun iqtisadi-logistik landşaftında gözlənilən dəyişikliklər belə olacaq:

• Rusiya şirkətlərinin, həmçinin oliqarxlarının Xəzər regionunda investisiya fəaliyyəti aktivləşəcək;
• Türkiyə və Azərbaycan Rusiya ilə iqtisadi-logistika əlaqələrində əsas halqaya çevriləcəklər;
• Qərbə qapıları bağlanan Rusiya turistləri böyük miqyasda Azərbaycan və Türkiyəyə yönələcəklər;
• Azərbaycanın və Orta Asiya ölkələrinin qaz və neftini Qərbə satma imkanları çoxalacaq. Enerjidaşıyıcılarının qiymətindəki sürətli artım isə bu ölkələrin daha çox qazanmalarını təmin edəcək;
• Rusiya Qərbdən heç nə ala bilməyəcəyi üçün, qonşu dövlətlərdən daha çox idxal edəcək. Nəticədə bu ölkələrin sənaye və kənd təsərrüfatları üçün “ikinci nəfəs” açıla bilər.

Region dövlətlərinin yaranan imkanlardan istifadə etməyə nə dərəcədə hazır olmalarından da çox şey asılıdır

Əlbəttə, region dövlətlərinin bu imkanlardan istifadə etməyə nə dərəcədə hazır olmalarından da çox şey asılıdır. Xəzəryanı ölkələr öz maraqlarına əsaslanan müstəqil siyasət qurmalı, xarici məsləhətçilərin tövsiyələrini kənara qoymalı olacaqlar. Regionun bir qədər daha qapalı olmaq riski də var. Amma əlaqələr düzgün qurularsa, riskləri imkanlara çevirmək mümkündür.

Müharibə vaxtı hansısa faydalardan danışmaq etik səslənmir. Amma təəssüf ki, hər zaman belə olub: Bütün müharibələrdə kimlərsə itirib, kimlərsə qazanıblar. Fəqət heç bir qazancla müqayisə edilə bilinməyəcək dəyər də var – bu, insan həyatıdır. Ona görə indi əsas odur ki, müharibənin qaynar fazası tezliklə bitsin. İqtisadi fazası isə belə görünür ki, hələ çox davam edəcək.

  23 Mart 2022    Oxunub: 15154    Oxunma vaxtı: 25 dəq.

25 dəq.